Jalebloq.az

Pambıq və kənd təsərrüfatı mafiyası…- JALƏ MÜTƏLLİMOVA YAZIR

KÖŞƏ

Pambıq və kənd təsərrüfatı mafiyası…- JALƏ MÜTƏLLİMOVA YAZIR

Bizim kənddə yetim Gülü vardı. Yeddi uşağının yeddisi də səhər saat səkkizdə kolxoz traktoru sürən babalarının miniyi ilə pambıq tarlasına yollanırdı. O da yadımdadır, bir gün rayona hay düşdü, bəs Gülügil pambıqda zəhərlənib. Onda Gülünün iki uşağı zəhərlənmədən həyatını itirdi, amma bu heç nəyi dəyişmədi. Onlar eyni qayda ilə hər səhər, pambıq yığmaq üçün sahəyə gedirdilər. Bəlkə hələ ailə sayının azalması onların xeyrinə oldu. Son dərəcə qəddar yanaşmadır, bilirəm, amma reallıqdır. Çünki çörəkpulu doqquz yox, yeddi adam arasında bölünəcəkdi bundan sonra. Hamının qarnı bir az artıq doyacaqdı. Hamı bir qədər az işləyəcəkdi, iki uşaq qədər az. Dəhşətli ölçü vahididir. İki uşaq qədər azalmaq… amma onda sovet dönəmi idi…

…Ağlım kəsəndən sosializmə iki şeyə görə nifrət etmişəm. Biri Gülügili yetişdirdiyinə, o biri bizi, azərbaycanlıları istismar elədiyinə görə.

…İndi müstəqilik. Əsr də, il də, sistem də fərqlidir. Amma İmişlidə sayı az qala yüzə çatan adam pambıq tarlasında zəhərlənib. Ardınca iyirmidən çox adamın Yevlaxda eyni diaqnozla xəstəxanaya yerləşdirildiyi bəlli olub. Sonra eşidəndə “gülüm, ya ağlayım?” dilemması qarşısında qaldığım başqa bir olay. Pambıq briqadirdən “zəhərlənmə necə olub?” sualına cavab almaq istəyiblər. Adam əlindəki cavabı, pambıq kolunu hər yerinə sürtüb ki, “bəs mən niyə zəhərlənmirəm?” Bir saatdan sonra adamı xərəkdə xəstəxanaya aparıblar…

Məsələdə iki məqama diqqət etməyin yeri var. Çoxdandır müşahidə elədiyim bir situasiyadır. Bizdə haranısa almaq istəyəndə, satmırlarsa, ya da kimisə “vurmaq” istəyirlərsə, onun fəaliyyət sahəsində mütləq ardıcıl faciələr baş verir. Düşünürəm, hüquq-mühafizə orqanları məlum zəhərlənmələrlə, ya da son günlərin yanğınları ilə bağlı araşdırma aparası olsalar bu məqam diqqətdən qaçmamalıdır. Konkret zəhərlənmələrdən söhbət gedirsə, yəqin kənd təsərrüfatı və pambıq mafiyasını ifşa eləməyin zamanıdır həm də. Bir də hədəf yəqin ki, yeni təyinat, yeni nazir İnam Kərimovdur. Dolayısıyla məsələ həm də komanda davasıdır demək. Yəni siyasətə vətəndaş, insan qurban verilir. Siyasətdə normaldır, insanlığa sığmır amma.

İkinci məqam uşaqlardır. Müstəqil məmləkətin əyalət uşaqları. Pambıq sahəsində zəhərlənən uşaqlar. Sizi, məni yaradan yaradıb o cocuqları da. Amma ikimizdən də ağırdır çoxunun güzəranları. O çoxluq sabah bizim orduya əsgər, vətən sərhədinə sipərdir. Öz aramızdır, şəhidlərin arasında bircə şax dayanan qırmızı yanaq, qalstuklu məmur ata görmədim mən. Heç şux və şıq geyimli bir məmur arvadı da görmədim. Vətəni o əyalət insanları yaşadır, biz bəhrələnirik, barı güzəranlarını yaxşıdan aşağı, heç olmasa babat eləməyə cəhd edək. Başa düşürəm, bəzi məqamlarda alınmayacaq, çünki acı olsa da bir reallığımız var. Azərbaycan əyalətində pis yaşamaq artıq insanların həyat tərzidir. Və nə yazıq ki, adamlar bu həyat tərzinə boyun əyib. Çünki əyilməyən boyunlarını əks halda yerli qoçular, icra başçıları basıb qırır. Bir də əyalət deyəndə adamın gözünə Şəmkiri, Gəncəni, Mingəçeviri, Quba, Qəbələni dürtüşdürməyin. İstəsəniz dediyim əyaləti sizlərə göstərməyə çox adam hazırdır. Əyalət bu dəqiqə elə yerlərdir ki, orda olanda Azərbacanda yaşadığına inana bilmirsən. Yəni dəqiq bilirsən ki, kim nə göstərir göstərsin, qardaş, Azərbaycan bir iki mərkəzləşmiş şəhərdən, bir də paytaxt Bakıdan başqa heç yerdə çiçəklənmir, özünüzü və başqalarını aldatmayın.

Bizim ölkədə insanlar o zaman zəhərlənməyəcək, ölməyəcək, insan kimi yaşayacaq ki, məmurların hamısı məmləkət adamını adam bilsinlər. Bizdə adamı adam bilməmək dövlət siyasəti-filan deyil. Bu məmur siyasətidir. Bu məmurun vətəndaş sevgisizliyidir. Bu məmləkətdə hər şeyin insana hesablanmasına baxmayaraq, məmurun öz bildiyi kimi sistem qurub işləməsidir. “Kefim belə istəyir” hoqqasıdır. Komanda davasıdır. Hələlik ayrı-ayrı məmurlar nəsə eləməyə çalışsalar da, ümumi görünən mənzərə budur ki, alınmır. Ya da hələlik alınmır…

Yoxsa kənd təsərrüfatı naziri İnam Kərimovun durub İmişliyə getməsi təqdirə layiqdir. Miqrasiya xidməti rəhbəri Vüsal Hüseynovun vətəndaşa şəxsən cavab yazması alqışlanmalıdır. Diaspora qurumları ilə işi idarə edən Fuad Muradovun Gürcüstana təcili yardım maşınlarını şəxsən təqdim etəməyə yollanmasını bəyənilən işdir. Təhsil naziri Ceyhun Bayramovun müəllimin problem yaratdığı məktəbə getməsinə sevinməmək mümkünsüzdür. Amma bu tək-tükdür. Və həm də adı çəkilənlərin özləri bu addımları ilə hədəf olurlar. Hətta bu halda belə durmaq lazım deyil. Kütləviləşmək, aşağı enə bildikcə enməyə davam etmək şərtdir. Hücüm və təhdidlərlə mübarizəni bəzən açıq müstəvidə aparmaq lazımdır. Başlamısınızsa mütləq davam etmək, sağlam mediadan da bu yolda dəstək almaq gərəkdir. Piarın qurulması vacibdir. Yəqin ki, o halda nəsə alınar. Onda adamlar zəhərlənmədən də, haqsızlıqlardan da bir balaca xilas olar. Hələliksə, hərəmiz bir cür zəhərlənirik, amma artıq sovetlər dönəmi deyil. İndi istismar edən də, istismara məruz qalan da özümüzük. Kimə nifrət edəsən axı, hamısı özümüzük…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top