Jalebloq.az

PUL müxalifəti!

KÖŞƏ

PUL müxalifəti!

AXCP və Milli Şuranın şəhər meriyasının binası qarşısında keçirdiyi piketdə AXCP-dən olmadığnı israr edən bir qrup adamın tələbinə diqqət elədim. Uşaqpulu, neft pulu, çörəkpulu pul, pul, pul. Özü də bu pulu tez-tələsik, bu dəqiqə istəyirlər. İş yox, ha pul…Düzdür pul əla şeydir. Hamıya da lazımdır. Və hər şey olmasa da çox şeydir pul. Amma pul əldə eləmək üçün yırtıcı kimi davranmaq hər şeydən qorxuludur. Baxırsan və anlayırsan ki, indi adamları heç nə maraqlandırmır. Nə dövlət, nə müxalifət, nə iqtidar. Və əmin olmağa həm utanır, həm də dəhşətə gəlirsən ki, insanları bu aksiyaya gətirən nə dövləti, nə mənəvi problemlərdir. Heç çox şeyi bərbad edən məmur özbaşınalığı da maraqlarında deyil. Sadəcə  pula acdır adamlar və düşünürlər ki, şantaj yolu ilə nəsə, yəni pul əldə eləsinlər. Lap o filmdən epizod düşür adamın yadına, “kontrabasda çalmışam, pulumu verin!”

Düzü bizim adamlara yazığı gəlir adamın hərdən. Bunu kimsə aşağılanmaq kimi anlamasın. Amma biz heç vaxt böyük amalları hədəf bilmədik. Xrda və fərdi istəklərimiz oldu. Bəlkə elə başımıza gələn müsibətlərin də səbəbi bu uğursuz keyfiyyətimizdir. Qarnımız qardaşımızdan irəlidir. Amma bunu da biz özünüz yaradıb, özümüz eləmişik, məmurli, vətəndaşlı. İndi həm məmurdan, həm ölkədən məhz bu böşluqdan adına müxalifət deyənlər əcəb bəhrələnir…

Həmişə bu qənaətdə olmuşam, insanları sakitləşdirmək üçün ələbaxım etdikcə, yəni onlara qədərindən artıq və haqqı olmayan pulu ödədikcə, daha yırtıcı, dağıdıcı və şantajçı olurlar.  Heç bir tərəflərini yox, məhz şantajçı tərəflərini inkişaf etdirirlər.  Bu mənada o piketdə özünü yerə sürtən, sürünən xanıma da acıdım, onu davranışlarından dolayı saxlamağa məcbur olan polis xanıma da…Əslində bu mənzərəni yaradan pul idi. Və təbii ki, həmin adamları təşkil edib, təlimatlandırıb oraya yollayanların da məqsədi insanların faciələri, acıları, itmiş xarakterləri üzərindən pul qazanmaqdır. İndi onlara daha böyük qarşıdurmalar, savaşlar lazımdır. Xəbərdarlıqlarını da ediblər: “18 sentyabr mitinqinə icazə verməsəniz görün nələr eləyirik”…

Bir də azadlıq… şüarları…Cənablar və cənabələr…siz azad olmaqla, hüququnu tələb eləmək arasında fərqi görün. Azərbaycan iyirmi yeddi ildir azaddır, müstəqildir. Yüz illik dövlət tarixi var bu müstəqilliyin. Müstəqil dövlətdə azadlıq tələb eləmirlər. Siz milli azlıq deyilsiniz ki, muxtariyyət qurmaq üçün azadlıq tələb edəsiniz. Siz haqq-hüquqlarınızı tələb edə bilərsiniz ki, o da sizlik olmamalıdır əslində. Çünki bu gözəlim məmləkətdə sizin nə haqqınız pozulub, nə ədalətiniz. Siz bu ölkənin gerçək müxalifətini başda da AXCP olmaqla yerlə bir edən varlıqlarsınız. İndi növbə bütövlükdə ölkəyə çatıb. Yox əgər üsyan edib deyəsi olsanız ki, yox, biz ədalət, haqq axtarırıq. Sualım var, sizin üçün əziyyət çəkən, fədakarlıq göstərən, sizə inanan, əzablara sığınan onlarla gənc var çevrənizdə. Bu günə qədər nə qədər adamı maraqlarınızdan dolayı məhbəsə saldırmısınız. Nə qədər sahiblənmisiniz onların ailələrini? Neynəmisiniz valideynləri, evləri, körpələri, hətta təhsilləri üçün? Heç nə! Sizinki adam və millət xərcləyib pul qazanmaqdır bəylər.  Bilmirəm, hansı filosofun sözüdür. Deyir bu dünyada ən cəlbedici qoxulardan biri, puldan gəlir. O ətir narkotik kimidir, adamın ağlını qarışdırır, yırtıcı edir. Bu yırtıcılıq piketlərdə, mitinqlərdə onlarla insanı ayaqaltı edir. Qazanan Milli Şura və AXCP olur. Əslində onlar nə Milli Şura, nə AXCP-dir, onlar pul müxalifətidir. Oudur ki, özünüzdən muğayat olun. Muğayat olun ki, sizi yırtıcılar parçalamasın. Bir də dəqiqi bildiyim bir nəsnə var onlar nəinki insanların böhyük problemləri, heç xırda bir qayğıları ilə də maraqlanmazlar. Yox əgər əksini deyib sizi inandırılarsa, bəndənizin deyəcək bircə sözü var,  “qazan deyir dibim qızıldı, çömçə deyir əşi gəzib gəlmişəm”…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top