Jalebloq.az

Qazini döymə-döymə…

KÖŞƏ

Qazini döymə-döymə…

Bir qrup Qarabağ qazisi ilə SOKAR mühafizəçiləri arasında insident yaşanıb. Hər iki tərəfdən xəsarət alanlar var.

İnsidentdən bəlli olan bu ki, ev tikilməsinə icazə olmayan əraziləri hansısa işbazın əliylə insanlara satıblar. O alıcılar arasında qazi qardaşlarımız da var. İndi SOKAR mühafizəçiləri evlərdən adamları çıxarmağa çalışır ki, bəs siz burda qanunsuz yerləşmisiniz. Cibinin pulunu verib aldığı yerdən, min bir əzabla qaraladığı balaca komadan bayıra necə çıxsın, harda yaşasın adamlar? Adama sual eləyərlər ki, qardaş, bəs niyə satırdınız? Ya da necə rəhbərsiniz ki, satılıb, bilməmisiniz? Bəs siz nə zaman biləcəksiniz? Haçan görəcəksiniz? Nə olacaq ki, anlayacaqsınız? Neə izah edilməlidir ki, başa düşəsiniz? Və sair…

Gələk sualdan da vacib məsələyə. Son günlər diqqətimi çəkən bir məqam var. Artıq neçənci dəfədir ölkə miqyaslı və sosial yönümlü skandalın içindən SOKAR çıxır. Gəlin birgə xatırlayaq. Milyonluq saat olayı, sonra o saatbaz oğlanın atasının kimliyi, “Relax” həngaməsi və nəhayət qazilərin döyülməsi.

Bəllidir, kiminsə ətrafında çəmbər daralır. Bu çəmbəri daraldılan təbii ki, nəhəng biridir. O üzdən gərəkdir, nəhəng də səbəblər yaradıla onu yola salmaq üçün.

Amma unutmaq olmaz, bir az da “qaz verilsə”, əməlli “partlayış” olacaq. Yəni “Relaxs”da da, ev üstündəki qalmaqalda da üz-üzə gələn tərəflər bizimkilərdir, azərbaycanlılar. Qonşu dövlətin uşaqları deyil. Bir evin adamları, övladlarıdır. Aydan-ulduzdan gəlməyiblər. Xatırladıram, biri qazidir. Canının vətənə fəda eləyib, yarımcandır. İndi uğrunda döyüşdüyü torpağın ikicə sotunda ev qaralayıb özünə. O biri rəhbərinin maraqlarını müdafiə edən, ayda 400-500 manat məvacibə işləyən mühafizəçi.

Onların davası üzündən isə cəmiyyət ikiyə bölünüb. Yarı cəza, az qala edam tələb eləyir, yarı da haqq olub, qazilər artıq sui-istifadə edilər deyir. Əslində sui istifadə edənlər də var. Amma onlar nə qazilərdir, nə mühafizəçilər. Bu ikisini evinə aparacağı bir parça çörək, müalicə üçün dər-dərmanın almağa bir az pul lazımdır. Bir də sakitcə yaşamaq. Onların üz-üzə gəlməsi isə çox adama lazımdır. Siyasi skandal arzulayan iç və xarici siyasət adamlarının hamısına Azərbaycanı beləcə asta-asta çökdürmək lazımdır. O üzdən siz siz olun, bu insanlardan əl çəkin. Düşmən dəyirmanlara su tökməyin. İnsanları dövlətdən, siyasi liderdən bu qədər  biabırçı şəkildə narazı salmaq olmaz. Bilirsinizmi cənablar, çair demiş, hər kəs gəldi gedərdi. Qazi də, mühafizəçi də, mən də, elə siz də, gəlin elə edək ki, bizdən sonra VƏTƏN qalsın. Salamat, tam, bütöv, rahat, savadlı, qürurlu yaşasın bizdən sonra gələnlər. Onlara elə bir Azərbaycan ötürək ki, bizdən sonra gorumuza söyməsinlər. Bunun üçün gedib Oksford, Kemberc falan oxuymaq, alim olmaq gərəkmir. Bunun üçün gərəkən ikicə şey var. Qarşındakına insan kimi, sevgi ilə davranacaqsan, nəfsinə hakim olacaqsan. Bir də kimsə unutmasın nə məmur, nə muxalifət, nə də sıravi adamlar. Biz nə zamansa Allah eləməmiş dövlət, millət olaraq yıxılsaq, öz nəfsimizdən yıxılacağıq. Və yəqin ki, dünyada insanın öz nəfsindən yıxılması qədər dəhşətli mənzərə yoxdur…

Jalə Mütəllimova

Continue Reading
Bunları da oxu!
Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top