Jalebloq.az

Şəmkirdə susuzluq və Kreml saatının zəngi…

KÖŞƏ

Şəmkirdə susuzluq və Kreml saatının zəngi…


Təsadüfən qarşıma çıxan  video materialdan danışacam sizə. Şəmkirdə 2001-ci ildən 40 hektar alma bağı susuzluqdan yanan fermerin naləsi də demək olar buna. Adam elə yanıb-tökülür ki, hirsini də əməlli  ifadə eləyə bilmir. Əliylə yanan bağını, meyvələri göstərib deyir ki, hara getdim, neynədim, mənə kömək olmadı. Mən bu təsərrüfata su verilməsinə nail ola bilmədim.

Qalırsan baxa-baxa. Bunlar nə edir? Kimi saymır? Nə qədər nəfislərinə hakim olmayan adamlardırlar? Dövlət büdcəsindən axan milyonlarla vəsaiti necə xərcləyirlər ki, nəticədə fermer təsərrüfatları susuz qalır? Maliyyəsi batır adamların və qərara gəlirlər ki, bu ölkədə nəsə eləmək, işləmək, yaşamaq, qazandığını bura sərf eləmək olmaz, çıxaq gedək başqa yerdə, başımıza çarə qılaq. Niyə? İndi də rus imperiyasının işğalı altında deyilik ki, deyək bizi məhv eləyirlər, qoymurlar böyüyək inkişaf  eləyək. İndi özümüzük. Nə eləyirsə özümüzünkülər, özümüzə eləyir.

…İndi əyri oturub düz danışaq, ölkənin baş su idarəsinin, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin, sadə dillə desək, suçuların da işinə bu boyda çətin idarəçiliyi olan ölkənin, mürəkkəb işləri arasından  ölkə rəhbərliyi nəzarət edəcəksə, day nə oldu?! Axı nəyə və kimə lazımdır ordakı rəhbərlər və ümumilikdə o idarə özü?!  Və maraqlı olan bir məsələ daha. Niyə fermerlər bir çox məsələlərdə haça-paça qalıb? Krediti, texnikanı, gübrələri bir yerdən götürür, suyu aryı idarəyə müraciət eləməlidir və sair. Niyə bu işlərin mərkəzləşmiş yeri yoxdur, məsələn Kənd Təsərrüfatı Nazirliyi.

***

Qaldı Melorasia və Su Təsərrüfatı ASC-yə, bu yazıda hədəf onun rəhbərliyi deyil əslində. Hədəf bu işlərdəki sistemsizlikdir. Düzünə qalanda ölkə suşularından elə də ciddi bir şey tələb olunmur. Onlara deyilir ki, ölkənin lazımi ərazilərinin, lazımi qədər  və zamanında sulanmasına şərait yaradın. Fermerlərə dəstək olun, köstək yox. Elə edin, vəsaiti olan adamlar ölkədən qaçmasın.  Kənd təsərrüfatının inkişafında vacib şərtlərdən biri, yəqin mütəxəssislər də təsdiq edər ki, su sistemıərinin düzgün, həm də lazımı qədər qurulmasından keçir. Yəni müəllimlər və müəllimələr, xəttiniz yoxdu, çəkin, quyunuz çatmır qazın, vəsaitiniz yoxdur, dövlətdən istəyin. Yox istəməyə utanırsınızsa, bunu ödənişli edin, leqallaşdırıb iş adamlarının, fermerlərin öz vəsaitləri hesabına edin. Heç bir əyri üsüla əl atmağa da ehtiyac qalmasın. Yəni hər kəs maliyyəsini ödəyib, suyunu çəkdirsin. Axı bunu niyə problemə çevirib dövlətin qarşısına qoyursunuz ki?!

Hə bu başqa məsələ, qazmaq, şərait yaratmaq əvəzinə, problem yaratmaqdır məqsəd. Burda söz bitir. Nə deyək, səlahiyyət sahibi sizsiniz. Bizə qalır, gördüyümüz nüansları danışmaq…

***

…Yazının əvvəlində bəhs etdiyim videoda, şəmkirli iş adamı həm də özü danışırdı. Telefonuna gələn zəngin melodiyası çəkdi diqqətimi. Keçmişdən gələn səs kimi idi. Kremlin saat zənginini səsi əks olunmuşdu çağırı zəngində. Mənə görə bu bir nostaljidir. Yəqin elə o fermerə görə də. Ötən günlərimi qaytaraydılar nostaljisi…Ya da onda nə gözəl anlar, günlər yaşayırdıq xatırlatması. Yəni nəsə bir bağlantı var keçmişə. Keçmişlə yaşamaq daha rahat gəlir bəzən.  İnsanları keçmişlə yaşamağa məcbur edən, yaxşı gün verməyənlər nə düşünr bəs görəsən? İndi çoxu deyər ki, günahkar o  fermerdir. Əsla! Günahkar onu bu gün olan-qalanını  ölkədə investisiya kimi xərclədiyinə peşiman edən məmurlardır. Həm də o məmurlar ki, artıq insanlara kefləri istədiyi üçün problemlər yaradıb, məsələni sosial problem həddinə gələnəcən şişirtmək  “istedadları” var. Amma bir incə məqamı unudurlar. Onlar həm ölkənin bünövrəsi qazıyır bu cür etməklə.  Dövləti də, siyasi lideri də vətəndaşın gözündən salınır, inamsızlıq yaradır. Bir az da dəqiqləşdirsək, mərhələli şəkildə ölkəni sosial partlayışa aparırlar. Bu bizə, yəni vətəni, ölkəni sevən sıravi adamlara, bura yatırım edən yerli və xarici investorlara, siyasi rəhbərə lazım deyil. Bu, ermənilər başda olmaqla, xeyli yaxın-uzaq qonşuya lazımdır. Nə deyək, fərdi səbəblərdən və nəfsinizə hakim kəsilə bilmədiyinizdən tökün bizim olmayan dəyirmanlara suyunuzu. Susuzluqdan yandırın məmləkəti.  Fermerlərin illərlə çəkdiyi əziyyəti, batırın getsin. Deyirəm başınıza bircə vedrə su aşırdıb ayıldanınız ola kaş…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top