Jalebloq.az

Sosial şantaj, zırranim, fırranım…

KÖŞƏ

Sosial şantaj, zırranim, fırranım…

“Kazbek”ə şey doldurum, zırranım, fırranım …

Bu gündəmdir. Azərbaycan cəmiyyətinin, ictimaiyyətin, medianın, dövlət qurumlarının, siyasət adamlarının gündəmi. İki cavan oğlan, üç qadının hoqqası. Yəni hamısı birlikdə beş qəpiyə dəyməyən, beş adam, ölkəni sosial şəbəkələr üzərindən bir-birinə qatıb.

Əslində, yaxşıdır…

Yox, əslində pisdir…

Düzü, əslində həm yaxşıdır, həm pis…

Yaxşıdır – ona görə ki, dövlət gündəmi sosial şəbəkələr üzərindən də izləyir. Necə deyərlər, gözü vətəndaşının üstündədir. Vətəndaşın dediklərini eşidir, reaksiya verir, ona görə və ona sarı addım atır. 
Pis odur ki, kütləvi şəkildə basqısı olan ən mahiyyətsiz məsələnin ardınca belə, kütləvilik ehtimalını ardan qaldırmaq üçün gedir. Əsas odur ki, kütləvilik azalsın.

Dövləti narkomanlar və bazar adamları səviyyəsinə salıb, onların şantaj obyektinə çevirmək olmaz. Ondansa mövcud qanunları işlək vəziyyətə gətirəcək mexanizmlər üzərində “baş sındırmaq” daha yaxşıdır. Əks halda sosial media üzərindən dövlətə gələn sifarişlərdə şantaj və minnət həddi aşacaq, özü də sürətlə.

Dəqiqə başı Avropa, Qərb həsrətliləri, oraların standartını Azərbaycana arzu edənlər. Sadaladığınız cəmiyyətlər zırranım, fırranım və sairə kimi şeyləri gündəm eləmir. Onlar yaşamaq, var olmaq, gücə çevrilmək üçün daha qlobal düşünür. Daha alidirlər. Fərqli ali dəyərləri dəstəkləyir, müdafiə, müzakirə edirlər. Yəni bir qərblinin, bir avropalının beş ədəbsiz adamın arxasınca və günlərlə “nç, nç, nç” eləyib söyməsi, barmaq silkələməsinə, dövlətin güc orqanlarına onlarla bağlı müraciət etməsinə zamanı yoxdur. O cəmiyyətlərin millət vəkillərinin, ziyalı, fikir adamlarının dövlət komitələrinin, prokurorluq və güc strukturlarının heç zamanı yoxdur. Daha maraqlı bir detal.

Müğənni Afət Fərmanqızı Mədəniyyət Nazirliyinə “siz kimsiniz ki, qadağa qoyasınız”- deyəndə, nəhəng və təkrarsız xalq artistlərini Flora Kərimovanı, Rasim Balayevi təhqir edəndə belə birləşmək, kimdənsə ölçü tələb eləmək lazım idi…
Ölkə başçısı, onun xanımı, ailəsi söyüləndə belə etmək vacib idi. Hətta onları məcbur edəcək həddə olmalı idi bu tələb. Olmadı ki?! Yox! Demək ki, onda bu, bizim cəmiyyət olaraq göstəricimizdir. Əslində, bilirsinizmi məsələ necədir? İnsanlar sosial şəbəkələrdə baş verənlər üzərindən özünü tapır. Yəni mənəviyyatı, əxlaqı, şəxsiyyəti nədirsə, ona maraq göstərir, onu təbliğ edir, ona baxır, ondan öyrənir.

Gələk o videonu çəkən şəxsləri, o qızları saxlamağa və sonra azad etməyə, bu, heç lazım deyildi. Bizim ona zamanımız, vaxtımız və həvəsimizin olmasının özü xoş olmayan göstəricidir. Mələkxanım Əyyubova bu məmləkətin nəhəng sənətkarlarındandır, onu ağlıkəm qohumuna calaq eləmək, məsulliyəti çiyninə yükləmək, adını hallandırıb, nüfuzdan salmaq heç kimə nəsə vermir.

Sual oluna bilər ki, media bu mövzuda yazmağa niyə məcburdur? Hə, burda qəribi ağlamaq tutur. Bu qədər tabular içində media da yırtıcılıq etməyə məcburdur. Yaşamaq, var olmaq üçün başqa yol qalmayıb. İndi hamı buna çalışır, necəsə yaşasın, necəsə var olsun. Bu isə yırtıcılığa aparır adamları. Ən dəhşətlisi də budur ki, belə edənlər cəmiyyətin özünü zorlayıb nə günə qoyduqlarının fərqində deyillər. Ya da ki, fərqindədirlər. Zorlanmış cəmiyyət hər şeyə susar, rahat idarə olunar, üzərindən nə qədər desən qazana bilərsən.

Təəssüf ki, indi bizim cəmiyyət kimlərinsə sayəsində çoxlu sayda pisliklərə “hamilədir”. Halbuki belə deyildi. Halbuki belə olmamalıydı. Halbuki belə olmaması üçün bütün imkanlar var idi. Halbuki bu son dərəcə qorxuludur. Bizim cəmiyyət cahil bicliyinin əzabını çəkməməliydi. Unutmayaq, bir cahilin bicliyindən min alim baş çıxara bilməz. O videonu ərsəyə gətirən üç qadın, iki kişi, onlarca hırıldayıb paylaşım edən cahil varsa, görün neçə min alimimiz sıradan çıxmış vəziyyətdədir. Bir də qaldı günaha və günahkara. Günahkar insandır. Onu etmək, yaymaq, baxmaq istəyən insan…

Jalə Mütəllimova // musavat.com üçün

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top