GÜNDƏMSEÇİLMİŞ

Sovet ideologiyasına alternativ: Yeni, milli İDEOLOGİYA… İlk işartılar, ciddi alternativ ola biləcəkmi?..

Azərbaycan sovet imperiyası əsarətindən otuz ildir qurtulub.
Amma iki yüz ildir mənəvi əsarətin zincirini boynundan ata bilmir. Bunun ən ciddi səbəbi milli ideologi xəttin bəzi istiqamətlərdə olmamasıdır. Bəzi istiqamətlərsə ya natamam, ya da dağınıqdır. Bir acı həqiqət də var. Azərbaycana heç zaman öz milli ideoloji xəttini qurmağa imkan verilməyib. Ölkə,
1.Dini dəyərləri;
2.Ailə dəyərləri;
3.Milli dəyərlər;
4. Mədəniyyət;
5.Təhsil;
6.Güc və təhlükəsizlik orqanları, məhkəmələr;
7.Milli mediadan,
… “vurulub”.
***
Birinci, dini dəyərlərdə, sistemsizlik yaratmaq üçün, ölkəyə bütün təriqətləri, sektalari, məzhəbləri, “xeyriyyəçiləri”, vəhabiləri, nurçulari, fatiməçiləri, zəhraçılari salıblar. Bu cərəyan və məzhəblər, islam dinini mənəvi dəyər yox, siyasi alət kimi təbliğ etməklə məşğul olub, hazırda da məşğuldurlar.
İkinci, ailə dəyərləridir ki, son zamanlar ölkədə bu məsələyə dair də ciddi siqinallar verilir. Dövlətin mənəvi dayağı olan Azərbaycan ailəsi müasirləşmək adı altında əslində dəyərsizləşdirilir. Buraya erkən nigahlar, qadın-kişi münasibətlərində aşınmalar, övlad və ya valideynlərdən imtina halları, qadın zorakılığı, ailə üzvlərinin bir-biri qətli statistikasının bilərəkdən təbliğatının təşkili, ailələrdə məişət zəminində mübahisələrin böyük efirlərə daşınması və hətta onlar ətrafında böyük auditoriyalar toplamaq məqsədi ilə tok-şouların təşkili də daxildir.
Üçüncü, Azərbaycan qadınına ünvanlı qara piardır. Azərbaycan deyəndə yada düşən milli-mənəviyyatın sima, dəyərlərdən ən vacibidir azərbaycanlı qadın. Milli və mənəvi olanın dəyərsizləşdirilməsi işində, kənar güclərə, Azərbaycanda “feminizm” dalğası, LGBT küləyi kömək etdi. Məsələyə o qədər “saymırıq, kimdilər” prinsipi ilə yanaşıldı, reaksiya verilmədi ki, proses “Azərbaycanda qadın problemləri siyasidir” şüarları ilə aksiyalarla nəticələndi. Beləcə, “feministlər” və LGBT fəalları, cinsi azlıqlar, polis idarələrinə hücumdan da çəkinmədi ölkədə. Ayrıca dövlətin rəsmi qurumlarının qarşısına yürüşə çıxacaq qədər ayaqlandılar. Yeri gəlmişkən, təşkilatçılardan biri, Gürcüstanda LGBT aksiyalarının liderlərindən idi.
Dördüncü, mədəniyyət sahəsi ilə bağlı məslədir. Ölkədə yuvarlaqlaşdırsaq, yüzdən çox mədəniyyət evi, kitabxana bağlanıb. Daha çox əyalətdə baş verdi bu yalnışlıq. Sabiq Mədəniyyət Nazirinin ”lazım deyil” prinsipi ilə baş verdi bu həm də. Özü də qərar dövlətdən xəbərsiz alındı. Ancaq, o idarələrə ayrılan vəsaitdən imtina edilmədi. “Ölü idarələrin” vəsaiti ciblərə axıdıldı. Təbii, “aldadılmış” nazir, xilas ola bildi. Çünki heç bir sənədin altından o çıxmadı. Ancaq hansı proses gücləndi əyalətlərdə? Yeniyetmə və gənclərin asudə vaxtının düzgün təşkil edilməməsi nəticəsində pis vərdişlərə və qara bizneslərə yol açıldı. Məsələn, dini təriqətlər, narkotiklər. Azərbaycan dövləti bir də o zaman həyəcan təbili çaldı ki, sahəyə əməlli yerləşmiş Cənub qonşusu, onun üzərinə yeriməyə başladı siyasi müstəvidə. Hətta hədələrdən belə çəkinmədi. Əslində Azərbaycan gecikmişdi, narkotiklərlə mübarizə, ölkədə milli-mənəvi məsələdir artıq. Hətta milli genefonda mənfi təsir həddindədir. Onunla mübarizəni açıq müstəvidə aparmaqdan başqa dövlətin yolu yoxdur. Narkotiklər, əslində gizli terrordur. On minlərlər azərbaycanlı ailəsinə fəlakət gətirməkdədir.
Beşinci, təhsil məsələsidir. Sovetlərdən miras qalan məktəblərdə qara şal don, ağ bant, corab və önlükdə qızlar, qara şalvar ağ köynəkli oğlanlar görürdük. Sonra hərə bir biznes qurdu məktəb geyimləri üzərində, vahid formadan imtina edildi. Milliləşək və dünyəviləşək prinsipi ilə edildi bu. Ancaq unuduldu ki, sovetlər dönəmində sistemin ardıcıllığı var idi. Məsələn, Lenin babanın uşaqlıq döş nişanını gəzdirdi əvvəlcə hər kəs. Sonra qalstuk taxıb, pioner olurduq. Sonra komsomol, sonra partiya üzvü. Bizim nəsil uşaqlar, üçüncüdə, komsomol mərhələsində anladı ki, üzərini qırmızı boyayıb boynumuza saldıqları üçkünc ipək, əslində öz qanımıza boyanmağımızın göstəricisi imiş. Xəbərimiz belə olmadan bizi bizdən çalıbmış sovet ideolojisi. Bizə, Zəngəzurda, Qarabağda, Bakıda, Şamaxıda, Lənkəranda, Naxçıvanda, Gəncədə, Qubada, Sumqayıtda və sairlərdə milli qırğın törətdiyini xatırlamağa imkan vermirmiş. Sonra biz ayağa qalxıb Məmməd Əmini xatırladıq, Xoyski, Topçubaşovu, onlarla belə sanballı babalarımızın olduğunu anladıq. O yerə gəldik ki, müstəqillik qazandıq. Şərqdə olduğu kimi, Qafqazlarda da birinci müstəqillik uman və alan olduq. Ancaq bu dəfə də təhsilini sıradan çıxar, milli, savadlı müəllim adını ləkələ, kitablarda, ələlxüsus tarix kitablarında, saxtakarlıqların təbliğinə şərait yarat mexanizmi işə düşdü. Savadlı müəllifləri kənarda qoy, otra statistik müəlliflərə dərsliklər sifariş et. Kitab, nəşriyyat biznesi qur və sair kimi vasitələrə əl atıldı. Bu gün Azərbaycan təhsili bu qüsurlu milli təmlqoymanın əziyyətini çəkməyə davam edir. Və məsələnin kökü milli təhlükəsizliyə qədər gedə bildiyindən, kimsə reallığı açıq danışa bilmir.
Altıncı, güc və təhlükəsilik orqanlarına bağlı məsələdir. Sirr deyil, Daxili İşlər Nazirliyi dövlətin qanun keşikçisidir. Ölkə Prokurorluğu qanundan kənar əməlləri araşdırmaq, məhkəmə sistemi onları cəzalandırmaqla görəvlidir. Dövlət Təhlükəsizlik Xidməti dövlətin tamının təhlükəsizliyindən sorumludur.
Diqqət edilsə, qismən DİN və ondan bir qədər artıq DTX, daha sonra Ölkə Prokurorluğu, öz ətrafında baş verən qara piardan baş çıxara bilir. Məhkəmələrsə, ümumiyyətlə, heç bir islahata cavab vermək iqtidarında deyil, kliniki ölüm halındadır. Əslində, məhz bu sistem dövlətin ədalət aynası olmalı idi, imkan vermirlər.
Yeddinci, media, milli mediadır. Milli ideolojinin vacib təbliğat yükünün daşıycısı. Otuz illik Azərbaycanın ən böyük uğuru, milli, vətənpərvər, tənqidi medianın inkişafından keçirdi həm də. Üstəlik müxalifətyönümlü media quruluşları mövcud idi ki, fəaliyyətlərinin məğzində dövlətçilik və milli ənənlərin qorunması dururdur. Hər şey ona yönəldi ki, indi dövlətə hava-su kimi gərəkli olan milli medianı sıradan çıxardılar. Nəticədə ölkədə, Azərbaycandan başqa hər yerə işləyən çoxlu sayda media resusları zühur etdi. Cinahlarsa belə müəyyənləşdi, Avropa, Qərb, Cənub, Şimal, yönümlü media subyektləri yaradıldı. Dini təriqətlərə çalışan, xarici xidmət orqanlarına işləyən medialar gördü insanlar. Konkret səfirliklərdən maliyyələşən, ayrıca Soros maliyyəsi ilə çalışan medialar yaradıldı. Yerdə qalan bir ovuc milli media quruluşu yox, adamlarına söz demək imkanı tanınmadı. Digərləri isə dövlət maliyəsinə bağlanıb danışmaqdan məhrum oldu. Bunun acı nəticəsini Azərbaycan 44 günlük Vətən Müharibəsində gördü. Ona görə də o 44 gündə və hətta indi belə ölkənin informasiya siyasəti, əsasən türkdilli mediadan yürüdüldü. Bu milli media adamı kimi, aciz olmasa da, aciz duruma düşürülənlərin təssüfündən başqa heç nə ortaya qoymadı.
Və yeri gəlmişkən, bu qədər ideoloji boşluqda, cəmi iki işdə milli ideoloji xətti düzgün quruldu.
Birincisi, Qarabağla bağlı təbliğat işi idi. İkincisi, itib-batmaqda olan mədəniyyət, incəsənət incisinin, muğamın xilası. Birinci prosesdə Prezident İlahm Əlyevin şəxsən iştirak edirdi. İkincidə isə Heydər Əliyev Fondunun, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və ciddi nəzarəti var idi. Ölkədə keçirilən Muğam müsabiqəsi, Azərbaycana Xan əmilər, cabbarlar, səxavətlər verdi. İndi əksəriyyəti böyük səhnələrdə Azərbaycan mədəniyyətinin təbliğatı ilə məşğuldur. Qarabağ isə artıq işğaldan azaddır, hərb müstəvisindən, informasiya və diplomatik savaş mərhələsinə adlayıb.
Ancaq xeyli məsələ də var, hər hansı nəticəsi yoxdur. Çünki ölkədə bir məmur ona verilən vəzifəni, kabineti, kreslonu, sevinclə qəbul edir, amma dövlətin ideoloji və milli məsələlərlə bağlı, gəlirsiz, işlərinə eyni münasibəti göstərmir. Beləcə post müharibə və ölkənin ərazi bütövlüyünün tamlaşması işində millət və dövlətin birliyini zədələyən hadisələrə zəmin yaradılır. Odur ki, insanlar həsəd duyğusu ilə yaşamaqda görür xilası. Yəni sovetlərdən qalma ideoloji qalıqlar və sovet təfəkkürü ilə yetişmiş böyük bir nəslin mövcudluğu başqa nəsə edə bilməz. Çünki ona köhnədən imtina üçün heç bir alternativ sunulmur.
Gəldik o məqama ki, indi nəticə olaraq ölkənin əlində nə var?
İndiki dönəm üçün o qədər də ürəkaçan olmayan mənzərə yaranıb. İdarəçiliyə yeni gətirilən, əslində yaxşı yetişdirilmiş, xeyli milli kadr vahid xətt və istiqamət olmadığından proseslə bacara bilmir. Mövcud sistem, bəlkə də sistemsizlik, ideoloji xəttin yoxluğu hər kəsi uduzmağa və ya ən yaxşı halda yerində saymağa məhkum buraxıb. Üstəlik insanlar tərəfindən ələ salınır, lağ, təhqir obyekti olurlar. Həm də çox ağrıdıcı mənzərədir ki, bu qara piarın aparıcısı cəmiyyət, ictimai rəydir. Hansı ki, yuxarıda sadalanan bütün parametrlər üzrə zövqü və hayat tərzi pozulub. Üstəlik sosial problemlərdən və məmur ədalətsizliklərindən dolayı dövlətə, məmurlara aqresiyaları var. Bircə sözü səhv tələffüz edən məmur belə cəmiyyət üçün dövlətdən qisas almaq vasitəsidir. Daha dəqiqi, müstəqilliyin son otuz ilində, ölkədə həm də qisasçı vətəndaş cəmiyyəti qurulub. Bu isə ölkədə artıq İNSAN probleminin mövcudluğunu göstərir. Milli idelojinin başında o qədər də uzaqda olmayan tarixi dönəmdə duranlardan, Azərbaycana qalan miras məhz budur. Yaxşı yetişdirilməmiş cəmiyyət və vətəndaş, İNSAN problemi. Bunun düşünülməmiş baş verməsi, birmənalı şəkildə mümkünsüzdür. Nədir insan problemi? Qarşında bir insan obrazı var, o bacarıqlıdır, istedadlıdır, ancaq maarifləndirilməmiş, milli dəyərlərdən xəbərsiz, fərdi maraqlarını önəmsəyən, milli təəssübü qənaətbəşx olmayan, polemika deyil, söyüşdən yana olan vətəndaş ordusunun mövcudluğudur insan probleminin göstəricisi. (Əslində kütlələşdirilmiş vətəndaşlar da demək olar. Konkret məqsədlər üçün yetişdirilmiş fədakar insanların əməyini görməzdən gələk demirəm müəllif olaraq).
Odur ki, qısa zaman kəsiyində, milli ideolojinin əsasını qoymaq, istiqamətləri bəlirləmək və hərəkətə keçmək şərtdir artıq Azərbaycanda. Mənəvi güclü, xarakterli və adil insan istehsalına başlamağın yolu ancaq milli ideolojinin mövcudluğundan keçir. Xalqın və dövlətin gələcəyi məhz bu faktora bağlıdır. Milli ideologiyanı var etməyə.
Bu gün üçün, qismən işlər görülür. Məsələn, MTN-in ləğvi və DTX-nın yaradılması. DİN-də islahatlar, polisin vətəndaşa münasibətindəki yumşalmalar. “Qadın məsələsi siyasidir” şüarının gündəmdən çıxarılmasına nail olmaq və sair. Hətta adıkeçən qurumların sırasına daha ikisini əlavə edildi də demək olar. Sosial Tədqiqatlar Mərkəzi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Son iki qurumun, kənar güclərin sıradan çıxarmağa çalışdığı Azərbaycan ailəsi modeli, ailə dəyərləri ilə bağlı ortaq işi bunu deməyə imkan verir. STM-in hazırladığı sosial-psixoloji təhlil, hətta milli ideoloji xəttin qurulması işində ciddi məlumat bazası da hesab oluna bilər. İndi Azərbaycanda milli dəyərlər son dərəcə sürətlə müasir dəyərlərə ayaq uydurmalıdır və öz ənənlərini də paralel olaraq qorumalı, dünyaya təqdim etməlidir. Yəni gələcəyə nəyi aparıb, keçmişə nəyi miras qoyacağını biməlidir Azərbaycan.
Yeri gəlmişkən, bu məsələni, ölkənin birinci xanımı Mehriban Əliyeva da çıxışlarından birində açıq şəkildə səsləndirib: Biz artıq bilməliyik ki, gələcəyə özümüzlə nəyi aparıb, keçmişə nəyi miras qoyacağıq?
Ölkə Prezidenti İlham Əliyevsə çıxışlarından birində durumun nə qədər ciddi olduğunu belə ifadə edib: Biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi milli dəyərlər sıradan çıxarılır. Bu millətləri və dövlətləri sıradan çıxarmaq üçündür.
***
Qalır indi deyiləcək üç işi görmək və milli ideolojinin hazırlanması üçün təklifləri dövlətə göndərmək. Bunu etmək üçün dövlət qurumları,
1.Təşkilatlanmalı
2.Təbliğat işini düzgün qurmalı
3.Dayanıqlı maliyyə mənbəyinə sahib olmalıdırlar.
Çünki ideoloji iş qazanc gətirmir, əksinə özü ciddi məsrəf tələb edir. Amma dövlətin var olması üçün mühüm amillərdəndir. Yəni,
sovet ideoloji kursunu hələ həsədlə xatırlayan, böyük siyasətdən uzaq, sadəcə rahat yaşamaq istəyən, sıravi azərbaycanlıya, mütləq alternativ milli ideoloji format sunulmalı. Bu indi Azərbaycan üçün olmasa, olmaz məsələsidir. Və əgər olmayacaqsa, mütləq, günlərin birində, beynində keçmişə həsədlə yaşayan vətəndaş rahatlığı üçün ölkəni öz nostaljisinə və o ideologiyanın sahiblərinə son dərəcə rahatlıqla təhvil verəcək. Buna isə birmənalı şəkildə yol vermək olmaz.
Jalə Mütəllimova
24.12.2021.

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138