Jalebloq.az

Söyülən ANA və Sevincin namus məsələsi…

KÖŞƏ

Söyülən ANA və Sevincin namus məsələsi…

Neçə gündür söhbət gedir, kənardan izləyirəm. Bir az maraqla, bir az kədərlə, bir az təəssüflə, xeyli də tərəddüdlə. Yazasanmı, susasanmı, bilmirsən?!.

Əslinə qalanda məsələ yazmaq da deyil, yazmamaq da. Məsələ budur, elə yazasan ki, vicdanına hesabat verəndə yerin dibinə girməyəsən. Bu mənada günlərdir yazmamağa üstünlük verirdim bu mövzunu. Ta ki, Mirşahinin saatında Nemət Pənahlı efirə verilən gizli səs yazısında, İsgəndər Həmidovun anası söyənə qədər…

***

…Olmaz mərhələsini keçmişik. Bütün olmazları oldurduq. Satılmaz dediklərimiz, satıldı. Etməz dediklərimiz, etdi. Olmaz dediyimiz hər şey, oldu. İtirə bilmərik, dediklərimizi də itirdik, getdi!

O qədər azğın və yırtıcı bir mərhələdəyik ki, müqəddəs saydığımız şeylərin ancaq adı qalıb. Bunu tənzimləmək də öz əlimizdə deyil. Zamanın və hadisələrin axarına möhtac durumdayıq.

***

Fəaliyyət istiqaməti hələ tam bəlli olmayan Azərbaycan Xalq Hərəkatının liderliyi üstündə düşən qovğada bir kişi, durub başqa bir kişinin anasını  söyür. Sonra bunu üzərindən durub deyir ki, “hələ onun anasını ağladıb filan-filan edərdim”. Komanda yoldaşının ünvanına, rüşvətxordan tutmuş, bütün “şanlı” sözləri söyləyir. Söyən Nemət Pənahlı, söyülən İsgəndər Həmidovdur.

Sözügedən hərəkatın müzakirələrini, diskusiyalarını, hətta bir-birinin xəlvət yazdıqları səs yazılarını necə ictimailəşdirmələrinə də zamanla şahid olmuşuq. Heyrətə səbəb olan bircə məqam var. Zehniyyət sabitdir, dəyişməzdir. İsrarla inkişafdan qalmış durumdadır beyinlər. İddilar da nataraz və dəyişməzdir. Adam elə bilir yatıb, yuxusunda səksənlərin sonu, doxsanların əvvəlini görür. Bu insanlarda dəyişən yeganə şey, xarici görünüşdür. Cavan idilər, qocalıblar.

Birdən oturub düşünürsən ki, bu adamlar əqidəlidir yəqin. Kişi kimi bir dəfə söz veriblər, sözlərindən dönmürlər, hətta köhnə kişilərdəndirlər. Yəni sabitliyi, əqidə sadiqliyinə bağışlayıb sevmək, hörmət eləmək istəyirsən. Fikrinə beynində nöqtə qoymamış, söyüş söyürlər və ümidinə “ayıb olsun” deməkdən başqa yolun qalmır. Yuxadan da diksinib ayılır adam. Zaman 2019, məkan Bakı…

Nemət Pənahlı isə hələ də elə bilir, illər öncə olduğu kimi onun oturun, durun komandasına, hamı sözsüz əməl edəcək. Daha düşünmür ki, təkcə siyasi mətbəxdə yox, hətta ictimai rəydə də kimliyi çoxdan bəlli.

İsgəndər Həmidov düşünür ki, ölkədə hələ də onun şapalağı situasiya dəyişə bilər. Adam unudub, Azərbaycanda hər şeyə bir şapalaqla ancaq məlum cizgi filmində dəyişir. O da adından bəlli, cizgi filmidir, hərdən gülək deyə göstərirlər. Qaldı İ.Həmidovun liderlik iddiası və həvəsinə, o, bir nəslin ağsaqqalı ola bilər. Buna isə kimsənin etirazı ola bilməz.

İ.Həmidovun anasını söyənməyinə görə bir də Nemətə gəlincə, o, adından fərqli adamdır, nemət zad deyil. Hətta bir ananı, qadını hikkəsindən, səsi yazıldığını anlamadan söyəcək qədər “bacarıqlıdır”. Üstəlik, bunu “mən üzdə bir, arxada bir deyiləm İsgəndər bəyə” söyləyə biləcək qədər “bacarıqlıdır”. Deməm o ki, cənablar, müəllimlər, bir zəhmət öncə hərəkət edib, özünüzü düzəldin, siyasətə dönmək üçün hərəkatınızı sonra, ömür və zaman imkan versə yaradarsınız.

***

Gələk Sevincə, Sevinc Osmanqızına.

Onun məsələsində şəxsi həyata toxunan məqam var. Yalan deməyimin yeri və adı yoxdur, bu məqam mənim üçün müəllif olaraq son dərəcə həssasdır. Bəlkə digər millətlər və cəmiyyətlər üçün geridə qalmış mövzudur bir qadının şəxsi həyatının gündəm olması. Bizim cəmiyyət üçün mövzu həssasdır, diqqət yetiriləndir. O üzdən Sevinc Osmanqızının həyatını o mərhələsinə heç xitab etmirəm. Buna qadın həmrəyliyi deyib, qınaya da bilərsiniz, olsun. Onda birini də deyim, məni heç Sevincin haradan, hansı brendi, neçəyə alması da maraqlandırmır. Ona sadəcə suallarım var. Elinə, obasına, vətəninə, dostuna dair suallarım:

-Sevinc xanım, necə satıldınız? Ümumiyyətlə, satıldınızmı?

– TV yaratmaq üçün layihənizi kimlər maliyələşdirdi? Bunu edərkən şərtlər hansı oldu?

-Şərtlərdən hər hansına etirazınız oldumu?

-Məmləkətinizə bu qədər nifrətin altında nə yatır? Kim və necə yaralayıb sizi?

-Gerçəkdənmi sevgidir, qarşınızdakı?

-Gerçəkdənmi siz ona, siz olduğunuz üçün gərəksiniz?

– Düzünü deyin “kuratorunuz” deyil ki?

...Və nəhayət, dinləyin Sevinc xanım, sizə özümdən deyim:

– Təpədən dırnağa media adamı olan hər kəs üçün yaşamaq, işləmək son dərəcə çətindir. Yenə də bacardıqca söz deməyə çalışıram. Bacardıqca əxlaqlı, vicdanlı olmaq, qələmimi qorumaq istəyirəm. Məndən aşağıları bu xarakterimə görə başıma çıxaranlar da görmüşəm, imzamın imzalar arasında olmasından qıcıqlananlar da. Şərlənmişəm də, söyülmüşəm, söyülürəm, şantaja məruz qalıram, böhtan da görürəm, susurammı, hələ ki, yox. Səsim gələn qədər bərkdən danışıram. Bəzən danışdıqlarımı özümə sillə kimi qaytarıblar. Bunu mənə edənləri də sıralayımmı? Adına dost, vətən oğlu, qızı, vətəndaşı, vəzifəlisi dediyimizdir çoxu. Hələ demədiyim onlarla xəyanətlər var. Amma ailəmdən, evimdən, elimdən qaçıb getməyi düşünmədim. Yox, düzü, düşündüm. Ailəcə harasa getməyi arzuladım yorulub usananda, amma satıb, xəyanət edib, baş götürüb qaça, nifrət eləyə bilmədim bu məmləkətə. Başıma min oyunlar gələn, gətirilən bu ölkə canımdan ucada, üstdədir. Vətənin günahı yoxdur bunların heç birində. Günahkar adamlardır. Bunu anladığım üçün şükür edirəm həmişə. Şükür ki, hansısa məmuruna acığımı ölkəmdən və peşəmdən çıxmamaq bacarığı verib.

Siz necə, bunları etdinizmi? Etmədiniz. Qaçıb getdiniz. Nifrət hissi həmişə sındırılmış adamları bürüyər. Fərqində olmadığınız qədər duyulur bu fikirlərinizdə, ritorikanızda, danışığınızd aparıcılığınızda. Sizi istedad da xilas edə bilmir, gözəl qadın. Başqalarını bilmirəm, gerçəkdən itirdiyim və itirdiyiniz S(s)evincə görə çox təəssüflənirəm, keçmiş olsun!..

…Hə, yadıma düşmüşkən,  bir söz də deyim. Bilirsinizmi, çox uzaq, lap uzaq bir qohumunuz var Bakıda. İllər öncə ondan bir yazı yazdım “Bomj” başlığı ilə. Sonra o yazı veriliş oldu. Dediyim odur ki, nigaran qalmayın, Üzeyir adlı bomj qohumunuz sizin əvəzinə də sevir VƏTƏNİ. Həm də o qədər böyük sevir ki, adamın VƏTƏNİNİN BOMJUNA da qurban olmağı gəlir. Vaxtınız olsa, qohumunuz BOMJ Üzeyirin VƏTƏN, İNSAN, İNSANLIQ sevgisindən bəhrələnin, baxın bu qısametrajlı müəllif verilişinə, “MƏN”ə.

…Qaldı şəxsi, yəni sevgi məsələniz haqda düşüncəmə. Bunu iki qadının söhbəti bilin, hətta dostca təklif olsun deyəcəklərim. Atın hər şeyi bir yana, gerçəkdirsə, sevgidirsə, sevginizə sarılın, yaşayın. Sevgi həmişə adamı ən doğruya yönəldər, xilas edər çünki. Yox əgər “kuratordursa” sizə bütün mənalarda XİLAS diləyirəm!

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top