KÖŞƏSEÇİLMİŞ

Təhsil naziri nə istəyir?

Bir xeyli zamandır tanıyıram, amma kənardan. Odur ki, yeni təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinq təkcə yazar olaraq deyil, həm də valideyin, vətəndaş kimi maraqlı idi. İndi diqqət edirəm ki, bir nazirin çıxışını, dediklərini, hətta jestika, bədən dili kimi portret davranış formasını ələ salan, aşağılayan, birmənalı kəsib tullayan, ümumiyyətlə təhsilin bu hala gətirilməsi prosesindən xəbərsizlər var.

Onların çoxu anlamır, bir neçə il öncə, ölkə məktəblərinin az qala əxlaqsızlıq yuvasına çevrilməsi piarı kimin ideyası və təşkilatçılığı ilə edilirdi? Saxta diplom mafiyası necə kök atmışdı sistemdə? Dərslik çapı məsələsində TN hansı duruma salınmışdı? Yetkinlik yaşına çatmayanların məktəbdən ərə verilməsi işindən kim nə qazanırdı? Vətəndaş cəmiyyəti dediyimiz çevrədə, heç kəsin bundan xəbəri yox idi. Onlarla hələ yazılması mümkün olmayan məsələlər var. Odur ki, öz adıma bu günə gəlmişiksə, daha yaxşıya da gedə bilərik düşüncəsindəyəm. Yetər ki, sağlam, əqidəli vətəndaş və məmurlar yetişdirə bilək ölkədə.

İndi gələk nazirin brifinqinə, Emin Əmrullayev nə istəyir?.. 

1. Sosialist rejimindən azad olaq.
2. Ənənəvi məktəb prinsiplərini və modelini dəyişək.
3.Söyüşdən imtina edək.
4.Pul yığımı qanunsuzdur, amma valideynin məktəbin həyatında iştirakı üçün ianələr ola bilər.
5. Söyənlər hərdən təklif də irəli sürsünlər.
6. Media gerçəkləri ifadə etsin, sözü oynatmaqla oxucunu, vətəndaşı qıcıqlandırmasın.
7.Məktəbin həyatında dövlətlə birgə, ailə də iştirak etsin.
8. Deyilən sözlərdə alt məna axtarıb təhrifə yol verilməsin.
9. Qanun o yerdə pozulur ki, orada qayda yoxdur. Biz qanunsuzluqdan danışırıqsa, qaydalar və onları təsdiqləyən qanunlar yaratmalıyıq.
10. Təhsilə nə qədər məsrəf sərf edilsə, bir manatın belə qarşılığı var. Yəni mütləq təhsilə qoyulan kapital, savad kimi geri dönəcək.
11. İndən belə reallaşdırılacaq bütün qaydalar ictimai müzakirəyə çıxarılmalı, cəmiyyətlə razılaşdırılmalıdır.

İndi bir neçə cümlə də özümüzdən yazım. Bizi həmişə ictimai rəy, cəmiyyət olaraq söyüblər, təhqir ediblər, alçaldıblar, qorxudub idarə ediblər.
İndi bizə düşən o ki, eybəcər ritorika, söyüş, təhqirdən qaçaq. Qarşımızdakı məmurun əlinə, cibinə baxmayaq, onun da əlimizə, cibimizə baxmasına, girməsinə izn verməyək. Polemikaya qabiliyyətlə hazır olaq, ədəbsizliklə yox. Qarşımızdakı məmuru da bu cür davranmağa vadar edək.

İndi belə bir ismarıc var cəmiyyətə, özünü yetişdir, dövlətini sahiblən, məmurunu idarə et! Əsla söymə, dəyərsizləşmə, dəyərdən düşürmə! Vətəndaş bu ismarıcı almasa vəziyyət onun xeyrinə heç zaman dəyişməyəcək. Təhsilin bu günki qüsurlarına gəlincə, bəlkə kimsə fərqində deyil, üç ciddi hadisə baş verib ölkə təhsil sistemində, amma ciddi müzakirəsinə düzü rastlaşmadım efirlərdə.
Birincisi, Prezident sərəncamı ilə rayon təhsil şöbələri ləğv edilib. Bu və ya digər formada icra orqanının asılılığından, təzyiqindən qurtulub təhsil.
İkincisi, regional idarələr yaradılır ki, bu məsələ müəllimlərin işə qəbulu proseduruna da mütləq təsirini göstərəcək.

Üçüncüsü, dövlət uşaq bağçaları yenidən Təhsil Nazirliyinin balansına verildi. Hə, bu ayrıca olay ki, konkret müəssisələr, hələ bəlli sərəncamlar imzalanmadan, amma artıq imzalanmaya getdiyi məqamda hansı “iç üsyanlar” çıxarıblar. Bir neçə faktım var, yazılması zamana qalsın.

Və indilik, bildiyim o ki, hər şey göründüyündən daha ciddi və daha ağır durumdadır. Durumu xilas etməyə çalışanlar da var. Odur ki, ağzınızdan çıxan hər kəlimədə mütləq dövlət əmanəti deyə düşünün lütfən. Və o adamların əlindən tutun, mənəvi olaraq. Bir də əmin olun, zamanında təhsil şöbələri həm də ona görə icra orqanının əlində saxlanmışdı ki, təkcə para qazanmasınlar, həm də bu günki mövcud problemləri dövlət və məktəb, o cümlədən insanlar yaşasın. Yəni Azərbaycanı təhsildən vurublar, indi ölkəni sağaltmaq üçün vətəndaş, dövlət, təhsil ıttifaqı gərəkdir.

Jalə Mütəllimova
22.12. 2021

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138